Ermənistana verilən yeni silahlar müharibə ehtimalını artırır | TƏHLİL

   Ermənistana verilən yeni silahlar müharibə ehtimalını artırır    | TƏHLİL
  22 Avqust 2024    Oxunub:2605
Bu il aprelin 5-də Vaşinqtonda ABŞ və Avropa İttifaqı ilə Hərbi Pakt imzalayan Ermənistan son həftələrdə Azərbaycana qarşı kifayət qədər aqressiv davranır. Bunun əsas səbəbi Ermənistana ABŞ, Hindistan, Fransa və Almaniya silahlarının ötürülməsidir.
Son məlumatlara görə, Ermənistana artıq bu silahlar çatdırılıb:
• 12 ədəd SEZAR özüyeriyən haubitsası
• onlarla R511 və R530 “hava-hava” tipli raketlər
• 30 ədəd ERYX tank əleyhinə raket kompleksi
• onlarla Almaniya istehsalı olan DM32 qumbaraatanları
• 3 ədəd “Panzerfaust” tank əleyhinə kompleks
• 500-ə yaxın birdəfəlik “Apilas” daşınan reaktiv qumbaraatan
• 50 ədəd BGM71-TOW tank əleyhinə raket kompleksləri

SEZAR haubitsaları barədə oxuculara əvvəllər məlumat vermişik. Bu dəfə isə R511 və R530 “hava-hava” tipli raketlər barədə danışacağıq. Bu “hava-hava” tipli raketlər uzaqmənzilli və təhlükəli silah hesab edilirlər. Fransanın Ermənistana verdiyi raketləri yerli “Matra” şirkəti istehsal edib. Raket “ördək” aerodinamik dizaynından istifadə edilməklə hazırlanıb. İlk sınaqları 1956-cı ildə keçirilib. O zaman raket dövrünə görə olduqca nadir tuşlama sistemi olan optik başlıq ilə təchiz edilmişdi. Xüsusi fotoelement ümumi fondan fərqli işıqlandırmaya reaksiya verərək, raketi hədəfə yönəldirdi.

1962-ci ildə Fransa R510 və R511 raketlərinin əsasında yaradılmış R530 “hava-hava” tipli idarəolunan raketi silahlanmaya qəbul etdi. R530 yüksək hündürlükdə sürətli hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. 1978-ci ilin sonuna qədər raketdən təxminən 4000 ədəd istehsal edilib.
Raket xaçşəkilli delta qanadı və quyruğu, bərk yanacaq mühərriki və 27 kq ağırlığında yüksək parçalanma qabiliyyətinə malik qəlpəli fuqas tipli döyüş başlığı ilə normal aerodinamik dizayna uyğun hazırlanıb. Dəyişdirilə bilən yarıaktiv radar və ya termal tuşlama başlıqları ilə təchiz oluna bilər.


Onun R-530F modifikasiyası AD26 konusvari skanlama sistemi və yarıaktiv radar, həmçinin çəkisi 30 kq. olan qəlpəli-fuqas döyüş başlığı ilə təchiz edilib. R-530F raketi 1980-ci ildə istismara verilib, seriya istehsalı 1985-ci ilə qədər davam edib. Raket orta hündürlükdə və kəsişən kurslarda hədəfləri vurmaq üçün nəzərdə tutulub. Uzunluğu 3284 mm, korpusun diametri 263 mm, qanad açılımı 1103 mm, çəkisi 195 kq, döyüş başlığının çəkisi isə 30 kq-dır. Məhvetmə hündürlüyü 21 km-ə qədər olan raket maksimum 2600 km/saat sürətə və 18 km-ə qədə atəş məsafəsinə malikdir. R530 “Matra” raketindən Fransa, Böyük Britaniya, İsrail, Avstraliya və Cənubi Afrikanın hərbi hava qüvvələrində geniş istifadə olunur.
R511 və R530 raketləri “Mirage”, NIC, “Super Myster” B.2, F-8E, F-104 “Crusader”, “Starfighter” və digər döyüş təyyarələrinə inteqrasiya edilib.

1977-ci ildə “Super” adlanan təkmilləşdirilmiş R530D raketlərinin sınaq partiyası istehsal edildi. R.530D “Matra” raketində yarıaktiv impuls-doppler radaraxtaran qurğu və rəqəmsal məlumat emal bölməsi yerləşdirildi. Raketin ümumi uzunluğu 3,8 m, gövdəsinin diametri 263 mm, stabilizatorların ara məsafəsi 880 mm-dir. Raketin buraxılış çəkisi 265 kq, qəlpəli fuqas döyüş başlığının çəkisi isə 31 kq-dır.
R530D “Matra” raketi qarışıq yanacaqla işləyən iki mühərriklə təchiz edilib. Raketin maksimal sürəti 4 Max-a çatır. İstifadə hündürlüyü 24 km.-ə, atış məsafəsi isə 40 km-ə qədərdir. Daşıyıcı vasitədən 10 km-ə qədər yüksəklikdə uçan hədəfləri vurmağa qadirdir.

R-530D "Matra" raketi 1987-ci ildə istifadəyə verilib. "Mirage III", "Mirage F1", "Mirage 2000" və F-8E döyüş təyyarələri bu raketlərdən istifadə edir. Bu modifikasiyası həmçinin Avstraliya, Argentina, Belçika, Braziliya, Venesuela, Qabon, Misir, Zair, Hindistan, İraq, Kolumbiya, Küveyt, Liviya, Pakistan, İsveçrə və Cənubi Afrikaya tədarük edilib. Ermənistan qırıcılarına R511 və R530 “hava-hava” tipli raketlərinin inteqrasiyasını hind mühəndislər həyata keçirəcək.

R511 və R530 raketləri sonuncu qeyri-rəsmi müştərisi olan Ermənistana İran vasitəsilə qaçaqmalçılıq yolu ilə çatdırılıb. Çünki bu raketlərin tədarükünə dair BMT-nin Silahlar Reyesterinə məlumat verilməyib. İran ərazisindən daşınan ABŞ, Almaniya və Fransa silahlarını, xüsusilə də CAESER haubitsalarını, eləcə də R511 və R530 raketlərini dərindən incələmək üçün yaxşı imkan əldə edib. Bəlkə rəsmi Tehranın Qərbi Zəngəzurda yerləşən ABŞ bazasına qarşı çıxmamasının da səbəblərindən biri budur.

Göründüyü kimi, ABŞ, Fransa və Almaniya Ermənistanı intensiv şəkildə silahlandırırlar. Silahların çeşidi və təyinatı İrəvanın Azərbaycana qarşı revanşa hazırlaşmasından xəbər verir. Ermənistan Azərbaycanla şərti sərhəddə yeni hərbi infrastrukturlar yaradır, ağır artilleriya silahlarını delimitasiya və demarkasiya olunmayan ərazidə yerləşdirir. Bunlar 30 illik işğal tarixinə malik Ermənistanın yenidən Azərbaycana qarşı müharibəyə hazırlaşdığının sübutudur. İrəvan Qərb ölkələrinin sifarişilə Azərbaycana təhdid yaradır. Bu təhlükənin qarşısını almaq və zərurət yarananda Ermənistanı cəzalandırmaq üçün Azərbaycanın Silahlı Qüvvələri daim ayıq-sayıq və döyüşə hazır olmalıdır.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Ermənistan   Revanşizm   Silah   Raket  





Xəbər lenti